Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu həkim və əczaçı kadrların elmi-texniki tərəqqinin müasir tələblərinə və ölkəmizin təhsil standartlarına uyğun şəkildə ixtisasartırmasını və yenidən hazırlanmasını təmin edən aparıcı ali təhsil müəssisələrindən biridir. Yarandığı gündən etibarən ötən 90 il ərzində institut zəngin və şərəfli inkişaf yolu keçərək Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayan tanınmış elm və təhsil ocağına çevrilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə 19-20 dekabr 2025-ci il tarixlərində keçirilən, Ə.Əliyev adına ADHTİ-nin 90 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktiki konqresin əsas məqsədi də institutun illər ərzində qazandığı elmi nailiyyətlərin ölkəmizin tibb ictimaiyyətinə təqdim edilməsi oldu.
Konqresdə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova fəxri qonaq qismində iştirak edib. Yeganə Abbasova eyni zamanda Ə.Əliyev adına ADHTİ-də reanimatoloq-həkimlər üçün ixtisasartırma dərslərində tədris prosesində iştirak edərək kadrların peşəkar hazırlığının yüksəldilməsinə mühüm töhfə verir. Onun elmi-praktiki təcrübəsi orqan donorluğu və transplantasiya sahəsində tibbi proseslərin düzgün və vaxtında aparılması baxımından da xüsusi əhəmiyyət daşıyır.